Xəbərlər və tədbirlər

  • Soyqırımın 102-ci il dönümü

    • 2020-03-31

    31 MART SOYQIRIMINDAN 102 İL ÖTÜR

     

    "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir.

    Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkaran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğında rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

    Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

    Zirvə Liseyi olaraq 31 Mart soyqırımını yad etməyi özümüzə vəzifə borcu bilirik !

    Allah rəhmət eləsin!.