Xəbərlər və tədbirlər

  • Valideynlər məktəb seçərkən nəyə diqqət etməlidir? Mütləq oxuyun!

    • 2024-07-17

    Müasir məktəb nəyi öyrətməlidir?

          Uğurlu gələcəyin 7 açarı.

          Dünya sürətlə dəyişir və buna uyğun olaraq da dəyişən dünya ilə ayaqlaşmaq üçün qabiliyyət və bacarıqlar olduqca böyük əhəmiyyət kəsb edir. XXI əsrin tələbi olan bacarıq və qabiliyyətlər haqqında “Harvard Innovation Lab”da təlim və tədris üzərində tədqiqatlar aparmış Toni Wagner, müasir dünyada uğurlu olmağın 7 təməl bacarıq və qabiliyyətindən bəhs açır: tənqidi düşüncə, kollektiv iş, zehni çeviklik, təşəbbüskarlıq, şifahi və yazılı ünsiyyət, məlumatların təhlili və təxəyyül. Hər birinə ayrı-ayrılıqda nəzər salaq.

    1.   Tənqidi düşüncə və problemləri həll etmək bacarığı.

        Tənqidi sevən bir millət deyilik, amma qəbul etmək lazımdır ki, tənqid və etiraz etmədən yeni bir məhsul, xidmət və ya fikir ortaya çıxarmaq çox çətindir. Mövcud olanı olduğu kimi qəbul etmək, hər fikrə “bəli” deyən bir anlayışdan icad və ixtira gözləmək əbəsdir. Məktəbdə tənqid və etiraza sərhəd qoymaq, yeniliyi və azad fikirliliyi boğmaq, səfalət və cəhalətdir.

    1. Əməkdaşlıq və kollektiv iş.

        Əfsus olsun ki, sosioloqlarımız bu mövzuda Azərbaycanda yetərli təhlil və analizlər aparmamışdır. Amma sadəcə idman yarışlarımıza nəzər salsaq, açıq bir şəkildə görüləcəkdir ki, ölkəmizdə kollektiv oyunlarda uğurlu olmadığımız çılpaq bir gerçəklikdir. Kollektivlə işləmə bacarığını şagirdlərimizə qazandırmaq məcburiyyətindəyik, Ölkəmizin inkişafı üçün birlik və bərabərliyimizə ən çox ehtiyac hiss etdiyimiz bir tarixi dövrdən keçirik.

    1. Zehni və əqli çeviklik.

         Müasir günümüzdə tək bir peşə bacarığı ilə ömür keçirtmək çox çətindir. Elmin və texnologiyanın sürətli inkişafı ilə birlikdə peşə bacarıqları ilə bağlı ehtiyaclar da dəyişməkdədir. Dünən doğru bildiklərimiz, bu gün artıq səhv sayıla bilər. Ona görə bir insanın “öz doğruları”nda və ya doğru bildiklərində israr etməsi günümüzün tələbi deyildir. Uzun müddət test sistemində qapalı suallarda şagirdlərimizə “tək doğru bənd” seçdirməyimiz də zamanla problemlərə səbəb olmuşdur.

    1. Təşəbbüskarlıq və yenilikçilik.

         Köhnədən qalma və qıra bilmədiyimiz stereotiplərdən biri də səssiz və sakit keçən bir dərsin uğurlu bir dərs hesab edilməsidir. Səsini çıxaranların susturulduğu bir mühitdə təşəbbüs irəli sürmək qeyri mümkündür. Erkən yaşlarında şagirdlərə bu qabiliyyəti aşılamsaq, onlardan hər hansı bir sahədə yenilik, mütərəqqi ideyalar və novatorluq gözləmək əbəsdir.

    Şagirdlərə danışıb fikirlərini söyləyə biləcəkləri mühiti yaratmaq, onlarda üzünəinam və mədəni cəsarəti formalaşdırmaq ən vacib hədəflərdən olmalıdır.

    1. Ünsiyyət qurmaq və yazılı kommunikasiya bacarığı.

          Özünü ifadə edə bilməyən və fikirlərini yazıya almaq, esse və inşa yazmaq şagirdlərimizn ən çox çətinlik çəkdiyi qabiliyyətlərdəndir. Günümüzün ən böyük ehtiyaclarından olan bu qabiliyyətləri inkişaf etdirmək üçün məktəblər, fərqli layihə və yarışlar təşkil etməlidir. Orta və Ali məktəbləri bitirən gənclər üçün əksər vakansiyalarda –savadlı ünsiyyət qabiliyyəti tələb olunur –belə ki, bu yaxşı məhsuldarlıq üçün mütləq xarakter daşıyır. Anadan gəlmə xarizmatik xüsusiyyətlər və ünsiyyət qabiliyyəti ilə doğulan insanların işi daha rahatdır. Bəs qalanları, təbiətin bu bəxşişindən məhrum olan digər gənclər necə etsin?

    1. Məlumatın əldə edilməsi və təhlili qabiliyyəti.

         Yaşadığımız XXI əsr informasiya əsridir. Əvvəlki dövrlərdən daha çox informasiya və məlumatlarla yüklənirik. Yeni nəsil bəzi ədəbiyyatlarda “Google nəsli” adlandırılır. Onlar məlumatları hifz etmək və əzbərləmək ehtiyacı görmürlər, çünki bu məlumatlar artıq internet şəbəkəsində əlçatandır. Dolayısı ilə artıq məktəb əvvəllər olduğu kimi bilik və məlumat qaynağı olmaq funksiyasını itirmişdir. Bu dövrdə məktəb, şagirdlərə informasiyanı əldə etməyi və onu təhlili bacarıqlarını aşılamalıdır. Şagird məlumatı daşıyan deyil, onu işləyə bilən olmalıdır.

    1. Maraq və xəyal qurmaq bacarığı.

          Xəyal hər hansı vəziyyət və ya hadisəni zehnidə canlandırma deməkdir. Xəyal qurmaq müvəffəqiyyət və fərdi inkişafın ayrılmaz tərkib hissəsidir. Həyatda düşüncə hərəkətdən öncə gəlir. Reallaşdırılması planlanan bütün layihələr əvvəlcə zehində canlandırılır, daha sonra tətbiq olunur.

        Beləliklə, müasir günümüzdə məktəb, şagirdin fiziki, zehni, əxlaqi və ruhi baxımından balanslı və sağlam bir şəkildə inkişafını; dünyadakı aktual hadisə və problemlərin fərqində olmalarını, cəmiyyətə qarşı məsuliyyətli, sərbəst, azad və elmi düşüncəli olmalarını; qabiliyyət və bacarıqlarını müasir üsullarla inkişaf etdirmələrini; qloballaşan dünyada dil, din və etnik ayrı-seçkilik güdmədən hər kəslə ünsiyyət qura biləcək müasir səviyyədə olmalarını; yenilikləri davamlı təqib edərək müasir texnologiyalardan istifadə bacarıqlarını inkişaf etdirmələrini təmin etməlidir.

     

    PhD Samir Həsənov

    Zirvə liseyinin direktoru.